ABŞ-də bankda soyğun: çoxsaylı insan girov götürüldü | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də bankda soyğun: çoxsaylı insan girov götürüldü

Oksana Orucova10:33 - 03 / 06 / 2026
ABŞ-də bankda soyğun: çoxsaylı insan girov götürüldü

ABŞ-nin Beykrsfild şəhərində yerləşən "Chase Bank" filialında bomba hədəsi ilə çoxsaylı insanı girov götürən şəxs ilə təhlükəsizlik qüvvələri arasında danışıqlar davam edir.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Beykrsfild Polis Şöbəsi tərəfindən verilən məlumata görə, hadisə çərşənbə axşamı yerli vaxtla saat 14:00 radələrində bankla bağlı daxil olan bomba xəbərdarlığından sonra başlayıb. Hadisə yerinə çatan polis əməkdaşları bir nəfərin özünü bank binasına kilidlədiyini və içəridə çoxlu sayda vətəndaşın olduğunu müəyyən ediblər.

Polis çavuşu Erik Keledon bildirib ki, aparılan danışıqlar nəticəsində girovlardan biri azad edilib. Onun sözlərinə görə, bankda qalan girovların sağlamlıq vəziyyəti qənaətbəxşdir.

Hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib, bankın yaxınlığındakı bələdiyyə binası və polis idarəsi də daxil olmaqla ətrafdakı binalar təxliyə olunub. Eyni zamanda bəzi yollar müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.

Əraziyə çoxsaylı polis qüvvələri, xüsusi təyinatlı taktiki bölmələr və təcili tibbi yardım briqadaları əməkdaşları cəlb edilib. Polis idarəsinin böhran danışıqları qrupu şübhəli şəxslə telefon vasitəsilə əlaqəni davam etdirir.

Hadisə yerində yaralıların operativ qiymətləndirilməsi üçün xüsusi təcili yardım çadırları qurulub. Yerli hakimiyyət orqanları vəziyyətin hələ də təhlükəli olduğunu vurğulayaraq sakinləri ərazidən uzaq durmağa çağırıb.

Şəhər meri Karen Qoh isə açıqlamasında hüquq-mühafizə orqanlarının işini təhlükəsiz şəkildə davam etdirə bilməsi üçün ictimaiyyəti hadisə yerindən uzaq qalmağa çağırıb.

Paylaş:
142

Son xəbərlər

Yasamalda “CHANGAN” yanıb

03 / 06 / 2026, 15:40
Bütün xəbərlər