Sevinc Fətəliyeva: Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub

21:20 - 07 / 05 / 2025
Sevinc Fətəliyeva: Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub

“Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir”.

Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycanda dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində dediyi kimi, bu səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Ümumiyyətlə, Azərbaycanla Vyetnamın əlaqələrinin tarixi 1950-ci illərə gedib çıxır. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər edib. Eləcə də, Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnamda səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı müsahibədə əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında fikirlərini ifadə edib. 2014-cü ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhfə açıb, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan verib. 2015-ci ildə isə Vyetnamın Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri reallaşıb. Bu səfər də Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olub və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaradıb. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.

Sevinc Fətəliyeva qeyd edib ki, hələ sovet dövründə Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb. Onlar aldıqları təhsil ilə öz ölkələrinin inkişafına töhfə veriblər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşüb. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.

Digər bir vacib məqam isə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələrdir. Fond 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, ötən aprel ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

“Ümumiyyətlə, hazırdaAzərbaycan-Vyetnam əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyini deməyə əsas verir”,-deyə deputat vurğulayıb.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər