Balaxanı neftçiləri hasilat ərazilərinin ekoloji mühafizəsinə dair elmi sessiyada iştirak ediblər - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti Mətləb Atayev “Balakhani Operating Company LTD”-nin təşəbbüsü ilə hasilat ərazilərinin ekoloji mühafizəsi mövzusunda elmi sessiya keçirib.
1news.az xəbər verir ki, bu günlərdə qeyd edilən "Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü"nə həsr edilən akademik müzakirəyə Balaxanı neftçiləri ilə yanaşı “Surakhani Oil” və “Azgerneft” şirkətlərinin əməkdaşları da qoşulublar.
Elmi sessiya zamanı dosent Atayev sənaye müəssisələrinin ekoloji pasportlarının tərtibatı, beynəlxalq normativ aktlara əsasən tullantıların səciyyələndirilməsi və müvafiq dərəcələri, eləcə də hasilat ərazilərində sanitar-ekoloji mühafizə zonalarına dair tələbatlar, heyət üzvlərinin səhhətinə təsirlərin minimallaşdırılması üçün əməliyyatların səmərəli şəkildə qurulması kimi mövzulara toxunub.
Mühazirə zamanı laya təsir üsulları ilə bağlı kimyəvi, mexaniki və termiki alətlərin istifadəsinə dair araşdırmaların nəticələri müzakirə olunub.
Sual-cavab hissəsi ilə davam edən elmi sessiyadan sonra ətraf mühitin mühafizəsi üzrə şirkət prezidentinin müavini Ramil Əliyev çıxış edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq qərarlarına əsasən ildən-ilə təkmilləşən ölkənin ekoloji mühafizəyə dair normativ bazasına uyğun olaraq “Balakhani Operating Company LTD” hasilat ərazilərində lay suların bu ildən etibarən artıq 100%-nin utilizə edilməsi, onların torpaq qatlarına təkrar qaytarılması, o cümlədən tullantılara məruz qalan torpaqların 80%-nin müxtəlif üsullarla rekultivasiya edilib təmizlənməsinə nail olub.
Hasilat ərazilərinin ekoloji mühafizəsinə dair digər əhəmiyyətli addımlar səmt qazlarının idarəolunması üzrə infrastrukturun yenilənməsi və bununla da sızmaların qarşısının tam alınması, davamlı olaraq yaşıllıq zolaqlarının artırılması istiqamətində atılıb.
O, əlavə edib ki, hasilat şirkəti istehsal prosesində əmələ gələn tullantıların təkrar emalı üzrə tərəfdaşlarla qurulan layihələrin sayını da artırmaqda davam edir.
Qeyd edək ki, bu ilin fevralında “Balakhani Operating Company LTD” ADNSU ilə Anlaşma Memorandumu imzalayaraq bir sıra istiqamətlərlə yanaşı ekoloji mühafizə və dayanıqlılıq üzrə elmə əsaslanan innovativ həll yollarının birgə işlənilməsi üzrə razılıq əldə ediblər.

.jpeg)

.jpeg)
