Moninder Sinqh: Hindistan bizi dünyaya terrorçu kimi təqdim etmək üçün dezinformasiya yayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Moninder Sinqh: Hindistan bizi dünyaya terrorçu kimi təqdim etmək üçün dezinformasiya yayır

Qafar Ağayev10:40 - 03 / 06 / 2026
Moninder Sinqh: Hindistan bizi dünyaya terrorçu kimi təqdim etmək üçün dezinformasiya yayır

“1984-cü ilin iyununda Amritsar hadisələri zamanı siqh icmasının ən müqəddəs ibadətgahı dağıdılıb və bu hadisələr icma tarixində dərin iz buraxıb”.

1news.az xəbər verir ki, bunu Moninder Sinqh “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O, çıxışında siqh icmasının tarixi-dini köklərə malik olduğunu vurğulayaraq Azərbaycanla siqh xalqı arasındakı oxşarlıqlara diqqət çəkib. 

Sinqh 1984-cü ilin iyununda siqhlərin müqəddəs ibadətgahı olan Qızıl Məbəddə baş verən hadisələri Azərbaycanın Qara Yanvar faciəsi ilə müqayisə edib:

“1984-cü ilin iyununda siqhlərin ən müqəddəs ibadətgahı Qızıl Məbəd dağıdıldı. Azərbaycanda da 1990-cı ilin yanvarında azadlıq uğrunda mübarizə aparan yüzlərlə gənc insan həlak oldu, bir çoxu yaralandı. Lakin siz öz suverenliyinizi, azadlığınızı bərpa edə bildiniz. ölkənizi, həyat tərzinizi, irsinizi, mədəniyyətinizi və dilinizi qorudunuz. Biz isə bu gün hələ də eyni şeylər üçün mübarizə aparırıq. Bizim mübarizəmizlə sizin mübarizəniz arasında böyük bir fərq yoxdur”.

Moninder Sinqh Bakıda keçirilən görüşlər və aparılan müzakirələrdən məmnunluğunu da ifadə edib:

“Son 5-6 ay ərzində bir neçə dəfə Bakıda olmuşuq. Legitim şəkildə deyə bilərəm ki, biz burada çox xoş qarşılandıq. Ən yüksək dövlət səviyyəsində, akademik dairələrlə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kimi qeyri-hökumət təşkilatları ilə bu çətin mövzularda hörmət və ləyaqət çərçivəsində dialoq aparmaq imkanı əldə etdik”.

Federasiya sədri deyib ki, Hindistan özünü “ən böyük demokratiya” kimi təqdim etməsinə baxmayaraq, etnik azlıqlara qarşı sistemli assimilyasiya və transmilli repressiya siyasəti aparır.

“Hindistan hökuməti bizi dünyaya ekstremist və terrorist kimi qələmə vermək üçün dezinformasiyalardan istifadə edir. Hindistanın transmilli repressiyaları yalnız 40 il əvvəllə məhdudlaşmır. Son günlərdə də gördüyünüz kimi, bu siyasət Kanadadan ABŞ-a, Böyük Britaniyadan Avropaya və Avstraliyaya qədər Siqh diasporunun yaşadığı ölkələrə yayılır. 2023-cü ildə Kanadada bizim liderlərimizdən biri olan Hardip Sinqh Nicanın öz ibadət yerimizin avtodayanacağında maskalı şəxslər tərəfindən qətlə yetirilməsinin arxasında Hindistan hökumətinin dayandığı Kanada Baş naziri tərəfindən bəyan edilib”.

O, çıxışının sonunda hazırkı siyasətin siqh xalqının dilini, mədəniyyətini və inancını hədəf aldığını bildirərək icmanın bu təzyiqlərə qarşı mübarizəni davam etdirəcəyini qeyd edib.

Paylaş:
159

Son xəbərlər

Yasamalda “CHANGAN” yanıb

03 / 06 / 2026, 15:40
Bütün xəbərlər