Həbib Nurməhəmmədovla İslam Maxaçev Bakıya gəliblər

Tanınmış rusiyalı MMA ulduzları Həbib Nurməhəmmədov və İslam Maxaçev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirində iştirak etmək üçün Azərbaycana gəliblər.
1news.az xəbər verir ki, bu barədə "MMA Azərbaycan" məlumat yayıb.
Onlar bu gün “Qarabağ”ın bazasında olublar. MMA ulduzları Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüblər.
Qeyd edək ki, H.Nurməhəmmədov yüngül çəkidə UFC-nin sabiq çempionudur. 2021-ci ildə karyerasını bitirən rusiyalı keçirdiyi 29 görüşün hamısında qalib gəlib.
İ.Maxaçev də yüngül çəkidə UFC-nin sabiq çempionudur. Karyerasını davam etdirən idmançı keçirdiyi 28 döyüşün 27-də rəqiblərini məğlub edib.
Xatırladaq ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər. Azərbaycanı turnirdə Tofiq Musayev, Rafael Fiziyev və Nazim Sadıxov təmsil edəcəklər.

