“DostyWalks”: Addımlarımız necə real yardıma çevrilir?
Azərbaycanda sahibsiz heyvanlar və sığınacaqların vəziyyəti mövzusu ən həssas sosial problemlərdən biri olaraq qalır.
Şəhər mühitində hər gün iki fərqli reallıq paralel şəkildə mövcuddur: bir tərəfdən küçəyə düşmüş, yaşamaq üçün əsas şərtlərə, tibbi yardıma və müntəzəm qidalanmaya ehtiyacı olan heyvanların sayı artır, digər tərəfdən isə demək olar ki, daim resurs çatışmazlığı şəraitində fəaliyyət göstərən, qeyri-müntəzəm ianələrə və ayrı-ayrı şəxslərin təşəbbüsünə güvənən sığınacaqlar mövcuddur.
Məhz belə şəraitdə birdəfəlik xeyriyyəçilik çərçivəsindən çıxaraq cəmiyyətin iştirakına dayanıqlı və texnoloji əsaslı model təklif edən layihələr xüsusi əhəmiyyət kəsb edir.
Belə layihələrdən biri artıq dörd ildir "pet-tech" sahəsində fəaliyyət göstərən Azərbaycanın texnoloji şirkəti “DostyINC” tərəfindən yaradılmış “DostyWalks” tətbiqidir. Şirkət təkcə bir tətbiqdən ibarət deyil, eyni missiya ətrafında birləşmiş tamhüquqlu rəqəmsal ekosistemdir. Bu missiya fərdiləşdirilmiş texnoloji alətlər, davranış analitikası və ictimai iştirak vasitəsilə ev və sahibsiz heyvanların həyat keyfiyyətini yaxşılaşdırmaqdan ibarətdir.
Bu ekosistem daxilində müxtəlif istiqamətlər və məhsullar mövcuddur. Lakin məhz “DostyWalks” sığınacaqlara birbaşa və şəffaf yardım modelinin ilk dəfə Azərbaycanda inkişaf etdirildiyi və sınaqdan keçirildiyi əsas sosial təşəbbüs kimi ön plana çıxır.
Hazırda “DostyINC” ekosisteminin dünya üzrə təxminən 60 min istifadəçisi var və istifadəçi coğrafiyası layihənin artıq lokal bazardan kənara çıxdığını göstərir.
Bununla belə, istifadəçi sayına görə ən böyük bazar olmasa da, Azərbaycan yerli sığınacaqların dəstəklənməsinə və yeni iştirak mədəniyyətinin formalaşdırılmasına yönəlmiş sosial model üçün başlanğıc platforma kimi prinsipial əhəmiyyət daşıyır.
“DostyWalks” tətbiqi insanın gündəlik fiziki aktivliyini ölçülə bilən sosial töhfəyə çevirmək ideyası üzərində qurulub. Tətbiqin əsas mexanikası sadə, lakin konseptual baxımdan güclüdür: istifadəçinin hər 1000 addımı bir daxili vahidə — monetə çevrilir.
Bu monetlər fərdi istehlak dəyərinə malik deyil və şəxsi valyuta kimi istifadə olunmur. Əksinə, onlar sistemin bütün istifadəçilərinin kollektiv aktivliyini birləşdirən ümumi fonda toplanır. Daha sonra bu fond real yardıma çevrilir, ilk növbədə isə heyvanlar üçün yem alınmasına yönəldilir.


Layihənin aylıq hədəfi təxminən 500 kiloqram yem təşkil edir və bu model “heyvanlara yardım” kimi abstrakt anlayışı aydın şəkildə rəqəmsallaşdırılmış prosesə çevirir. Belə ki, istifadəçinin atdığı hər addım ümumi işin bir hissəsinə çevrilir. Əsas mexanizmlə yanaşı, istifadəçilər əlavə olaraq ianələr edərək iştiraklarını gücləndirə və ümumi yardım həcmini artıra bilirlər.
Beləliklə, fiziki aktivliklə könüllü maliyyə dəstəyinin birləşdiyi hibrid iştirak modeli formalaşır.
İnkişafın hazırkı mərhələsində, cəmi bir neçə gün ərzində tətbiqdə təxminən 2000 aktiv istifadəçi qeydə alınıb və onlar fiziki aktivlik vasitəsilə monetlərin toplanması prosesində mütəmadi iştirak edirlər. Son hesabat dövründə isə aylıq 500 kiloqram hədəfə qarşı 249 kiloqramdan çox yem toplanıb.
Layihənin sosial missiyası sığınacaqların xərclər strukturu ilə birbaşa bağlıdır. Belə ki, sığınacaqların büdcəsinin 70 faizə qədəri heyvanların qidalanmasına sərf olunur. Bu isə o deməkdir ki, resursların böyük hissəsi heyvanların yalnız əsas yaşayış ehtiyaclarına yönəlir, vaksinasiya, müalicə və saxlanma şəraitinin yaxşılaşdırılması kimi istiqamətlər isə xroniki maliyyə çatışmazlığı ilə üzləşir.
“DostyWalks” modeli məhz bu baza ehtiyacının qismən qarşılanmasına yönəlib. Bu da sığınacaqlara resursları tibbi yardımın genişləndirilməsinə və saxlanma şəraitinin yaxşılaşdırılmasına yönəltməyə imkan yaradır.
Əlavə təsir kimi, istifadəçilərlə sığınacaqlardakı heyvanlar arasında emosional bağ formalaşır ki, bu da gələcəkdə onların sahibləndirilməsi ehtimalını artırır və insanların sığınacaqlardan heyvan götürməyə marağını gücləndirir.





“DostyWalks”-i bir çox digər sosial təşəbbüslərdən prinsipial şəkildə fərqləndirən vacib element şəffaflıq və geribildirim sistemidir. Hər ayın sonunda istifadəçilərə tətbiq çərçivəsində dəstək göstərdikləri sığınacağa şəxsən baş çəkmək imkanı yaradılır. Bu, toplanan resursların real mühitdə necə istifadə edildiyini birbaşa görməyə şərait yaradır.
Bundan əlavə, sığınacaqları ziyarət etmək imkanı olmayan iştirakçılar üçün alternativ mexanizm də nəzərdə tutulub. Tətbiqdə hər ayın nəticələrini əks etdirən ətraflı foto və video hesabatlar paylaşılır ki, bu da görülən işlərin nəticələrini şəffaf şəkildə izləməyə imkan verir.
Beləliklə, hər bir istifadəçinin toplanan resursların faktiki istifadəsini müstəqil şəkildə yoxlaya bildiyi çoxsəviyyəli hesabat sistemi formalaşır.
Qeyd etmək vacibdir ki, “DostyWalks” klassik mənada mənfəətin maksimallaşdırılmasına yönəlmiş kommersiya model kimi təqdim olunmur. Onun strukturu ilkin olaraq sosial məqsəd ətrafında qurulub və bazarın real imkanları ilə məhdudlaşdırılıb. Əsas məqsəd sığınacaqların baza ehtiyaclarının davamlı şəkildə qarşılanması və yardımın miqyasının artırılmasıdır, istifadəçi aktivliyinin monetizasiyası deyil.
“DostyWalks”-da həmçinin liderlər cədvəlləri (leaderboard) tətbiq olunub ki, bu da reytinq və rəqabət sistemi yaradaraq motivasiyanı artırır və müntəzəm aktivliyi təşviq edir.
Bundan əlavə, istifadəçi iştirakının dinamikasını qorumaq və marağın azalmasının qarşısını almaq üçün çelenc (challenge) mexanizmləri də tətbiq edilib. Sistemin mərkəzi elementi isə “Battle Pass” modelinə əsaslanan mövsümi strukturdur. Hər mövsüm üç ay davam edir və öz tematik konsepsiyasına malik olur, məsələn “Xəzinə adası”.


Mövsümi sistem çərçivəsində istifadəçilər aktivliyə görə müxtəlif növ mükafatlar əldə edirlər. Bunlara tərəfdaş təşkilatlarda endirimlər, bonus təkliflər, eləcə də avatarlar və kolleksiya xarakterli əşyalar daxildir.
Xüsusi əhəmiyyət daşıyan məqamlardan biri biznes tərəfdaşlarla inteqrasiyadır. Bu tərəfdaşlar arasında kafelər, baytarlıq klinikaları və müxtəlif xidmət şirkətləri yer alır. Onlar sistem iştirakçılarına endirimlər və bonuslar təqdim edərək qarşılıqlı faydaya əsaslanan model formalaşdırırlar. Beləliklə, layihə sadəcə bir tətbiq çərçivəsindən çıxaraq istifadəçilər, biznes subyektləri və sığınacaqların qarşılıqlı əlaqədə olduğu hibrid sosial-iqtisadi mühit yaradır.
“DostyWalks”-ın arxitekturasında mühüm elementlərdən biri də aktivliyin saxtalaşdırılmasına qarşı qoruma sistemidir. Bu sistem hər bir istifadəçinin töhfəsinin şəffaf və etibarlı olmasını təmin etməyə yönəlib. Alqoritmlər kompleksinə əsaslanan bu mexanizm addımlama tempini analiz edir, fiziki aktivliyin real olub-olmadığını yoxlayır, istifadəçilərin fərdi davranış modellərini müqayisə edir və anomaliyaları aşkar edir.
Şübhəli aktivlik müəyyən edildiyi halda sistem istifadəçinin reytinqlərdə iştirakını məhdudlaşdıra və ya onu rəqabət mexanizmlərindən çıxara bilər. Bununla belə, istifadəçi öz töhfəsini və yardımı yenə də davam etdirir.
Yaxın perspektivdə “DostyWalks”-in inkişafı tətbiqin funksionallığının genişləndirilməsini nəzərdə tutur. Planlaşdırılan yeniliklərdən biri istifadəçilərin ailələr, dost qrupları və korporativ komandalar şəklində birləşməsinə imkan verən qruplar sisteminin tətbiqidir. Ayrı bir istiqamət isə korporativ çelenc və team-building mexanizmləridir ki, burada şirkətlər işçilərin kollektiv aktivliyi vasitəsilə sosial təşəbbüslərdə iştirak edə biləcəklər.
Məqalənin hazırlanması çərçivəsində 1news.az redaksiyası “DostyWalks” tətbiqinin həmtəsisçilərindən biri olan Ayaz Əhmədov ilə də münasibət öyrənib.
O bildirib:
“Ən vacib məsələ şübhə axtarmamaqdır. Biz texnologiyalar dövründə yaşayırıq, amma hər şeyin əsasında yenə də insan və onun ürəyi dayanır. Bu layihə pul və ya “hype” üçün deyil. Bu, hər kəsin sadəcə yeriyərək kömək etməsi və bunu gündəlik həyatının bir hissəsinə çevirməsi üçündür. Bəzən bir dəfə sığınacağa getmək hər şeyi anlamaq üçün kifayət edir. Mövzu əslində çox sadədir: sən hər gün sadəcə gəzirsən və sənin addımların yardıma çevrilir.
Bizim bir dənə də olsun sponsorumuz yoxdur, amma tərəfdaşlarımız var — istifadəçilərə endirimlər təqdim edən sosial məsuliyyətli şirkətlər. Yəni əslində bizə heç kim pul ödəmir. Biz sadəcə səmimi şəkildə kömək etmək istəyirik.
Çünki danışmaq çox asandır. Mənim çox sevdiyim bir ifadə var: “müharibə olmayanda əsgər olmaq asandır”. Biz tez-tez nə edilməli olduğunu danışırıq, necə kömək etmək lazım olduğunu müzakirə edirik. Bu barədə çox danışılır, amma təcrübədə bunu edənlər azdır.
Sən sadəcə hər gün gəzirsən: tətbiqi yüklə, gündə bir dəfə gəz, daxil ol, monetlərini yenilə və balansını artır — vəssalam. Səndən başqa heç nə tələb olunmur.
İndi yardım maksimum əlçatan olub, onu artıq ayrıca təşkil etməyə ehtiyac yoxdur. Bu, xeyir üçün yaradılmış texnologiyadır, gündəlik həyatda bizə kömək edən bir texnologiyadır.
O, insanlara sağlamlıq və faydalı vərdişlərin formalaşması baxımından kömək edir. Valideynlərə kömək edir, çünki uşaqlar artıq təkcə telefonda oturmur, onlarınla birlikdə hərəkət edir, gəzirlər.
Və ən vacibi odur ki, bu, həqiqətən köməyə ehtiyacı olanlara yardım edir. Kimlərsə bizdən bunun niyə edildiyini soruşursa, mən onlara bir dəfə də olsa istənilən sığınacağa getməyi və oradakı itlərə baxmağı məsləhət görərdim. Ümid dolu, amma bəlkə də heç vaxt gerçəkləşməyəcək bir baxışdan daha ağır heç nə yoxdur. Halbuki bu vəziyyətə səbəb olan məhz insandır”, — deyə Ayaz Əhmədov qeyd edib.
Hazırda məlum olduğu kimi, “DostyWalks” tətbiqi vasitəsilə dəstək "Baku Animal Rescue Society" (BARS)-a yönləndirilir. Bu səbəbdən 1news.az təşkilatın təsisçisi Baku Animal Rescue Society (BARS)-ın təsisçisi Leyla Axundova ilə əlavə şərh üçün birbaşa əlaqə saxlayıb.
O bildirib:
“Baku Animal Rescue Society (BARS) — 2012-ci ildə təsis edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvanların müdafiəsi üzrə xeyriyyə təşkilatıdır. Artıq 14 ildən çoxdur ki, biz sahibsiz heyvanları xilas edir, onları müalicə edir, sığınacaqda və sığınacaqdan kənarda onlara qayğı göstərir və həm Azərbaycanda, həm də xaricdə sevən ailələr tapırıq. Fəaliyyət illərimiz ərzində təşkilatımız tərəfindən yüzlərlə it xilas edilib.
“DostyWalks” tətbiqi ilə əməkdaşlığa çox yaxın zamanda başlamışıq, çünki layihənin ideyası bizə çox maraqlı gəldi. Bu, həm heyvanlara yardım, həm də insanların öz sağlamlığına diqqətini birləşdirən müasir bir yanaşmadır.
Xüsusilə dəyərlidir ki, itlərə yardım etmək artıq insanların gündəlik addımları ilə mümkündür. İstifadəçilər sadəcə gəzirlər, idman edirlər və ya gündəlik işlərini görürlər, toplanan ballar isə real şəkildə heyvanlar üçün yem formasında yardıma çevrilir.
Bizim sığınacaq yalnız mərhəmətli insanların dəstəyi sayəsində fəaliyyət göstərir. Buna görə də biz həmişə sahibsiz heyvan probleminə diqqət çəkən və eyni zamanda real yardım göstərən belə təşəbbüsləri dəstəkləyirik.
Tətbiq vasitəsilə insanlar həm də ev axtaran itlərimizlə tanış ola və təşkilatımızın fəaliyyəti barədə daha ətraflı məlumat əldə edə bilirlər.
Biz bu təşəbbüsü dəstəkləməkdən məmnunuq və ümid edirik ki, “DostyWalks” istifadəçiləri ilə birlikdə adi addımları real yardıma çevirərək heyvanlara kömək edə biləcəyik. Ümid edirik ki, bu layihə uğurla inkişaf edəcək və yardıma ehtiyacı olan bir çox heyvan üçün faydalı olacaq”.
Azərbaycanda sahibsiz heyvanlar problemi təkcə humanitar deyil, həm də sistem xarakterli çağırış olaraq qaldığı bir şəraitdə, belə təşəbbüslər epizodik xeyriyyəçilikdən davamlı ictimai iştirak modelinə keçid baxımından xüsusi əhəmiyyət daşıyır.
Layihənin texnoloji tərəfləri nə qədər önəmli olsa da, əsas element insan faktorudur — sadə gündəlik hərəkətləri kollektiv yardım resursuna çevirməyə hazır olmaq.
Əsas sual isə açıq qalır: bu cür təşəbbüslər istisna olaraq qalacaq, yoxsa cəmiyyət üçün davamlı normaya çevrilə biləcək?
Bu sualın cavabı təkcə tətbiqin inkişafından deyil, həm də cəmiyyətin yardımı birdəfəlik aksiya kimi deyil, gündəlik seçim mədəniyyəti kimi qəbul etməyə hazır olmasından asılıdır.
Sonda qeyd edək ki, təşəbbüsə qoşulmaq istəyən hər kəs tətbiqi yükləyərək gündəlik həyatında istifadə etməklə iştirak edə bilər.
Tətbiqin yükləmə linkləri aşağıda təqdim olunur.












