Rəhman Hacıyev xarici diplomatlarla görüşdə “Dəyişən geosiyasi proseslər fonunda Azərbaycanın renessansı” mövzusunda məruzə ilə çıxış edib

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev xarici diplomatların nümayəndə heyəti ilə keçirilən xüsusi sessiya çərçivəsində “Dəyişən geosiyasi proseslər fonunda Azərbaycanın renessansı" adlı məruzə ilə çıxış edib.
Tədbir ADA Universitetində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təşkilatçılığı ilə həyata keçirilən “Xarici Siyasət Proqramı” çərçivəsində baş tutub.
Rəhman Hacıyev çıxışında beynəlxalq nizamda baş verən struktur dəyişiklikləri — dövlətlərarası müharibələrin yenidən gündəmə gəlməsi, qlobal institutların zəifləməsi və strateji qeyri-müəyyənliklə, texnoloji rəqabətlə səciyyələnən çoxmərkəzli dünyanın formalaşması ilə bağlı fikirlərini bölüşüb.
Eyni zamanda, İdarə Heyətinin sədri Azərbaycanın dünya hadisələrinin passiv müşahidəçisi rolunda qalmadığını və strateji adaptasiya nümunəsi olduğunu vurğulayıb.
Məruzədə qeyd olunub ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar – Qarabağın erməni işğalından azad olunması, sürətli yenidənqurma prosesi, irimiqyaslı minatəmizləmə əməliyyatları, davamlı siyasi və iqtisadi sabitlik təsadüfi deyil. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən dövlət siyasətinin nəticəsidir.
“Çox az ölkə dəyişikliklərə bu cür çevik uyğunlaşma, manevr və imkanlardan faydalanmaq bacarığı nümayiş etdirib”, – deyən Rəhman Hacıyev, güclü siyasi institutların, milli həmrəyliyin və çevik, maraqlara əsaslanan xarici siyasət yürütmək qabiliyyətinin bu uğurda xüsusi rolunu vurğulayıb.
O, həmçinin Azərbaycanın uğur hekayəsinin qlobal dəyişikliklər və yeni çağırışlar fonunda öz mövqeyini qoruyub saxlamağa çalışan kiçik və orta dövlətlər üçün dəyərli bir model rolunu oynadığını vurğulayıb.
Çıxış iştirakçılar arasında böyük marağa səbəb olub, dövlət idarəçiliyi, regional liderlik və çətin geosiyasi şəraitdə uzunmüddətli planlaşdırmanın rolu mövzularında geniş müzakirələr aparılıb.
Qeyd etmək lazımdır ki, tədbirdə Amerika, Afrika, Avropa və Asiya qitələrini təmsil edən təxminən 30 diplomat iştirak edib. Qitələrarası diplomatik körpü rolunu oynayan “Xarici Siyasət Proqramı” dünyanın müxtəlif ölkələrindən diplomatları bir araya gətirərək dialoqun təşviqinə, təcrübə mübadiləsinə və qlobal geosiyasi dinamikalarla bağlı faydalı müzakirələrin aparılmasına şərait yaradır.
2018-ci ildən etibarən həyata keçirilən bu proqram peşəkar təcrübə və regionlararası anlayış üçün unikal platforma təqdim edir.
Onu da bildirək ki, Rəhman Hacıyev bu proqramda artıq dördüncü ildir ki, məruzəçi qismində iştirak edir.
